BAKI, 9 oktyabr. TELEQRAF
“Hakim matçdan sonra bildirdi ki, daha iki futbolçunu əvəzləyə bilərdik. Açığı, sonradan hər hansı qayda pozuntusuna yol verdiyimizin deyilməsini istəmədim. Buna görə də dörd əvəzetmə ilə kifayətləndik”.
Teleqraf xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının VII turunda “Sabah”a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
O, bərabərliyi belə şərh edib:
"”Neftçi”nin də, “Sabah”ın da performansı çox xoşuma gəldi. Biz kimə qarşı oynadığımızı bilirdik. Çempion komandaya, Çempionlar Liqasında çıxış edən rəqibə qarşı mübarizə aparırdıq. “Sabah” “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzsa da, yaxşı futbol nümayiş etdirmişdi. Komanda əzmkar oyun sərgiləyirdi.
Bu gün də bərabər səviyyəli oyunun şahidi olduq. Epizodlardan istifadə edə bilmədik. Səhv etmirəmsə, “Sabah” 6 matçda cəmi 1 qol buraxıb. Bu da onların çox yaxşı müdafiəyə malik olduğunu göstərir. Futbolçularıma təşəkkür edirəm ki, intensivliyi qorudular və mübarizədən geri çəkilmədilər. Əlbəttə, qolun vurulmaması təəssüf doğurdu. Bəyənmədiyimiz yeganə məqam bu oldu. Futboldur, nəzərə almalıyıq ki, çempion komandaya qarşı oynayırıq. Bu xal da bizi qane edir və yolumuza davam edə bilərik.
Həmçinin nəzərə alaq ki, hər iki komandadan milli komandalara yollanan futbolçular var idi. Bizdən 8, “Sabah”dan isə 10 oyunçu milliyə getmişdi. Denzel Jubitana dünən komandaya qoşulmuşdu, Sessi Almeyda isə bizə qoşula bilmədi. Yaxşı haldır ki, mənim də, həmkarımın da futbolçuları milli komandada çıxış edirlər. Milli komandamızın qrupda birinci yeri tutmaq şansı var.
Mən baş məşqçiyəm və baş məşqçi üçün bu, iki xal itirmək deməkdir. Çünki həmişə üç xal qazanmaq istəyirəm. Düşünürəm ki, həmkarım Valdas Dambrauskas da eyni fikirdədir və iki xal itirdiyini düşünür. Rəqibin kimliyindən asılı olmayaraq, yanaşmam belədir. Baş məşqçi fərqli düşünsə, komandası da buna uyğun oyun sərgiləyəcək.
Hakimlik barədə danışmaq istəmirəm. Oyun zamanı emosional oluram, bəzən qışqıra bilərəm. Amma dərhal sakitləşirəm. Hakimlərin fəaliyyətini qiymətləndirmək üçün başqa şəxslər var. Normal oyun oldu, hakim həm bizə, həm də rəqib komandaya normal münasibət göstərdi. Qeyri-adi bir şey görmədim.
Növbəti oyunlarımız “Qarabağ” və “Turan Tovuz”a qarşı olacaq. Həmişə qalib gəlmək istəyirəm. Evdə və ya səfərdə oynamağımızın fərqi yoxdur. Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq.
Oyundan əvvəl kimin kimi əvəzləyəcəyini müzakirə edir və qərarımızı əvvəlcədən veririk. Emil Səfərov meydana daxil oldu. İntensivliyi qorumaq lazım idi. O, gənc futbolçudur və bunu bacarmağa çalışdı. Bu gün belə qərar verdik, növbəti matçda isə fərqli ola bilər. Bütün futbolçular oynamaq istəyir, amma hamısını meydana buraxa bilmərəm.
Bu gün dörd oyunçu dəyişikliyi etdik. Qustavo meydana daxil olanda gecikmə səbəbindən oyun bir dəqiqə dayandı. Həmin vaxt əvəzetmədən sonra daha bir, yoxsa iki oyunçu dəyişmək hüququmuzun qaldığını tam anlamadım”.