BAKI, 24 sentyabr. TELEQRAF
“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün 104 620 bilet satılıb.
Teleqraf xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bilet satışı ilkin gözləntiləri və planlaşdırılan tempi xeyli üstələyib. Klub bunu azarkeşlərin Çempionlar Liqasının Bakıda keçiriləcək oyunlarına böyük marağının göstəricisi kimi qiymətləndirib.
Qeyd olunub ki, bilet satışından əldə olunan gəlirin 25 faizi “Sabah Futbol Akademiyası Gələcəyin istedadları” proqramına yönəldiləcək. Vəsait uşaq və gənclər futbolunun inkişafına sərf olunacaq.
Bundan əlavə, Çempionlar Liqası oyunları çərçivəsində kommersiya və sponsorluq əməkdaşlığı imkanlarının olduğu bildirilib.
“Sabah”ın 4 ev oyunu üçün bilet satışı davam edir.