BAKI, 11 noyabr. TELEQRAF

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb.

Teleqraf xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan, Elgiz Kərəmlinin rəhbərlik etdiyi yığma ilk oyununda Monteneqro ilə qarşılaşıb.

Serbiyanın Belqrad şəhərində keçirilən görüş rəqib komandanın 7:2 hesablı qələbəsi ilə başa çatıb. Belçikalı Lodar Dondtun idarə etdiyi görüşdə yığmamızın heyətində qolları 31-ci dəqiqədə Əli Əliyev, 79-cu dəqiqədə isə Məhəmməd Çodarov vurub.

Qeyd edək ki, millimiz qrupda növbəti oyunlarını noyabrın 14-də Serbiyaya, noyabrın 17-də isə Farer Adalarına qarşı keçirəcək.