BAKI, 6 avqust. TELEQRAF
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev yeni klubu Rusiya təmsilçisi “Soçi”nin rəsmi saytına müsahibə verib.
Teleqraf xəbər verir ki, 30 yaşlı forvard karyerası, “Qarabağ”dakı xüsusi dövrü və Azərbaycan yığmasını seçmək qərarı barədə maraqlı məqamlara toxunub.
Şeydayev karyerasında qazandığı uğurlar arasında “Qarabağ”la əldə etdiyi Azərbaycan çempionluğunu ən xüsusi titul adlandırıb:
“Yəqin ki, bu, Qarabağ”la 2022/2023 mövsümündə Azərbaycan çempionluğu olar. Bütün mövsüm oynadım, böyük iş gördüm və bombardir oldum. Mənim üçün ən xüsusi titul məhz budur. Üç dəfə kluba qayıtmağım hər dəfə fərqli şərait yaranması ilə bağlı idi. Bu barədə uzun danışmaq olar. Amma əlbəttə ki, “Qarabağ” karyeramın əsas klublarından biridir. Çempionlar Liqası və Avropa Liqası çox gözəl turnirlərdir. İstər evdə, istərsə də səfərdə böyük azarkeş marağı və xüsusi atmosferdə oynamaq çox xoş idi".
Şeydayev "köhlən atları"ın heyətində “Olimpiakos”a vurduğu qolun karyerasının ən yaxşılarından biri olduğunu desə də, ən gözəl qollarını Azərbaycan millisinin heyətində vurduğunu bildirib:
“Bəlkə də ən yaxşı qollarımdan biridir. Amma düşünürəm ki, ən gözəl qollarımı Azərbaycan millisinin heyətində Almaniya və Slovakiyaya qarşı vurmuşam".
Rusiya, Türkiyə, Slovakiya, Taylandda da legioner həyatı yaşamış Şeydayev Azərbaycan mətbəxinə məxsus təamların dadlı olduğunu deyib. 30 yaşlı futbolçu Rusiyanın gənclər millisindən Azərbaycan millisinə keçid qərarından da söz açıb:
“Bu qərarı dərhal vermədim, uzun müddət düşündüm. Heç vaxt peşman olmamışam. Azərbaycan millisində çıxış etdiyim üçün şadam. Oranı çox sevirəm. Bura atamın vətənidir. Oynadığım ölkələr arasında Rusiya və Azərbaycan mənim üçün çox komfortlu ölkələrdir”.
Qeyd edək ki, son mövsümü "Qarabağ"da keçirən Ramil Şeydayev daha əvvəl "Neftçi", "Zenit", "Rubin", "Trabzonspor", "Jilina", "Krılya Sovetov", "Dinamo", "Sabah", "Kocaelispor" və "Buriram" klublarında çıxış edib. O, Azərbaycan millisinin heyətində keçirdiyi 69 oyunda 10 qol vurub.