BAKI, 30 iyun. TELEQRAF
Almaniyanın dünya çempionatının 1/16 finalında Paraqvaya məğlub olaraq mübarizəni dayandırmasından sonra Yurgen Klopp Almaniya millisinin baş məşqçisi postuna keçə biləcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.
Teleqraf xəbər verir ki, hazırda “Red Bull” futbol layihəsinin rəhbərliyində çalışan alman mütəxəssis adının namizədlər arasında hallanmasını normal qarşıladığını, lakin bu barədə danışmaq üçün uyğun zaman olmadığını deyib.
“Başa düşürəm ki, Almaniya millisinin baş məşqçisi ilə bağlı söhbətlərdə mənim də adım çəkilir. Amma indi bunun haqqında danışmağın vaxtı deyil”, – deyə Klopp MagentaTV-yə açıqlamasında bildirib.
Kloppun milli komandaya gəlişi hazırkı baş məşqçi Yulian Naqelsmanın vəzifəsindən ayrılacağı təqdirdə mümkün ola bilər. Lakin Naqelsman Paraqvaya məğlubiyyətdən sonra istefa vermək niyyətində olmadığını açıqlayıb.
“İlk mərhələdə mübarizəni dayandırmaq Almaniya futbolu üçün qəbuledilməzdir. Bu, ardıcıl üçüncü erkən vidamızdır və artıq dünya futbolunun öncül komandaları sırasında deyilik. Çox məyusam. Almaniya Futbol Federasiyası mənə güvənməyə davam etsə, işləməyə hazıram. Bilirəm ki, çoxları getməyimi istəyir, amma federasiya məni istəsə, böyük məmnuniyyətlə davam edərəm. Rəhbərliyə öz arqumentlərimi təqdim edəcəyəm”, – deyə Naqelsman vurğulayıb.
Qeyd edək ki, Almaniya millisi 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Paraqvaya penaltilər seriyasında (3:4) məğlub olaraq turnirlə erkən vidalaşıb. Bu, almanların dünya çempionatlarında ardıcıl üçüncü dəfə gözləniləndən tez mübarizəni dayandırması ilə nəticələnib.