BAKI, 21 aprel. TELEQRAF

Superliqa təmsilçilərindən “Trabzonspor” qapıçı mövqeyi üçün yeni planlar üzərində işləməyə başlayıb.

Teleqraf “Transfermark”a istinadən xəbər verir ki, klub rəhbərliyi icarə əsasında komandada çıxış edən Andre Onananın yüksək transfer dəyərinin onun gələn mövsüm heyət planlamasına daxil edilməsini çətinləşdirəcəyini nəzərə alaraq alternativ variantlara yönəlib.

Məlumata görə, Trabzon təmsilçisi "Fənərbağça" klubunda az oyun şansı qazanan 29 yaşlı qapıçı Tarık Çetinin transferi üçün danışıqlara başlayıb.

Mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçu ilə artıq ilkin əlaqə qurulub. Klub prezidenti Ərtoğrul Doğan daha əvvəl yerli qapıçı transfer etmək istədiklərini açıqlasa da, yekun qərarın baş məşqçi Fatih Tekke tərəfindən veriləcəyini bildirib.

Ötən yay “Fənərbağça”ya azad agent kimi qoşulan Tarık Çetin birillik müqavilə imzaladığı üçün bu ilin iyun ayında yenidən sərbəst oyunçu statusu qazana bilər. Cari mövsümdə "sarı-lacivərlilər"lə cəmi 4 oyunda meydana çıxan qapıçı "Fənərbağça"nın yetirməsidir.