BAKI, 1 aprel. TELEQRAF
Almaniyanın “Hoffenhaym” klubu Türkiyə millisinin üzvü Ozan Kabakla yeni müqavilə imzalamağa hazırlaşır.
Teleqraf “Sky”a istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi müqaviləsi mövsümün sonunda başa çatacaq türkiyəli müdafiəçinin sözləşməsini uzatmaq üçün hərəkətə keçib.
Almaniya klubunun milli üzvünə uzunmüddətli yeni müqavilə təklif edəcəyi gözlənilir. Bununla yanaşı, yeni müqavilədə 2027-ci ildən etibarən qüvvəyə minəcək sərbəstqalma maddəsinin yer alması planlaşdırılır.
Bildirilir ki, tərəflər arasında yaxın günlərdə danışıqlar intensivləşəcək. Son günlər Ozan Kabakın adı sabiq klubu “Qalatasaray”la hallanırdı.
Qeyd edək ki, 2024/2025 mövsümünü çarpaz bağ zədəsi səbəbindən tam buraxan 26 yaşlı stoper bu mövsümün ikinci yarısında yaşıl meydanlara qayıdıb və qısa zamanda “Hoffenhaym”ın əsas heyət üzvünə çevrilib. O, Bundesliqa təmsilçisinin heyətində keçirdiyi 19 oyunda 4 qol vurub. Hazırda bazar dəyəri 10 milyon avro qiymətləndirilən Ozan Kabak 18 yaşında “Ştutqart”a transfer olunub. Daha sonra “Şalke”yə keçən müdafiəçi buradan “Liverpul” və “Norviç Siti”yə icarəyə verilib, sonda isə “Hoffenhaym”a transfer olunub.