BAKI, 16 mart. TELEQRAF

Almaniyanın "Kayzerslautern" klubun azərbaycanlı futbolçusu Mahir Emreli uzunmüddətli zədə fasiləsindən sonra vurduğu ilk qol və yaşadığı çətin günlər barədə danışıb.

Teleqraf xəbər verir ki, 28 yaşlı hücumçu bu barədə Almaniya mətbuatına açıqlama verib.

"Bu gün mənim üçün çox emosional bir andır, çünki son həftələr və aylar kifayət qədər çətin keçmişdi. Belə möhtəşəm atmosferi olan oyunda, xüsusən də uzun zədə fasiləsindən sonra ilk qolumu vurmaq məni çox xoşbəxt etdi. Azarkeşlər mənə çoxsaylı mesajlar yazaraq hər zaman yanımda olduqlarını və mənə inandıqlarını göstərdilər. Derbinin abu-havası digər bütün oyunlardan fərqlənir. Baş məşqçi ilə yaxşı münasibətimiz var. Zədəli olduğun müddətdə istər-istəməz komandadan bir az uzaq düşürsən. Ondan daha çox şans qazanmaq üçün nələri yaxşılaşdırmalı olduğumu soruşdum. O, məşqlərdəki çıxışımdan razıdır. Meydanda cəmi beş dəqiqə olsam belə, əlimdən gələni edirəm ki, özümü sübut edim".

Qeyd edək ki, Mahir Emreli martın 15-də, Almaniya II Bundesliqasının XXVI turunda evdə “Karlsrue”ni 3:0 hesabı ilə məğlub etdikləri matçda qol vurmağı bacarıb.