BAKI, 13 mart. TELEQRAF
Futbol üzrə İran millisinin yayda ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatından imtina etməsi fonunda onun yerinə hansı komandanın gələcəyi ilə bağlı müzakirələr intensivləşib.
Teleqraf "MatchDay Central"a istinadən xəbər verir ki, FIFA İranın boş qalan yerini Asiya Futbol Konfederasiyasının (AFK) təmsilçisi ilə doldurmağa daha çox meyillidir.
Ən real namizədlər kimi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İraqın adları çəkilir. Hazırda nəzərdən keçirilən əsas ssenarilərdən biri İraqın birbaşa final mərhələsinə buraxılması, onun pley-offdakı yerinin isə BƏƏ-yə verilməsidir.
Digər bir ehtimala görə isə yüksək reytinqə malik BƏƏ birbaşa turnirə qatılmalı, İraq isə əvvəlcədən müəyyən edilmiş pley-off matçını oynamalıdır. Nigeriyanın bu yerə gətirilməsi ideyası səslənsə də, reqlamentə əsasən eyni qitədən əvəzetmə daha məntiqli hesab olunur.
Qeyd edək ki, İran turnirdə Belçika, Misir və Yeni Zelandiya ilə eyni qrupda yer almalı idi.