BAKI, 12 mart. TELEQRAF

Ukraynanın "Şaxtyor" klubunun baş məşqçisi Arda Turan UEFA Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində Polşada "Lex"lə keçiriləcək ilk oyun öncəsi mətbuat konfransında sərt reaksiyası ilə gündəmə gəlib.

Teleqraf xəbər verir ki, polşalı tərcüməçinin Turanın sözlərini türk dilinə dəqiq çevirə bilməməsi mütəxəssisi özündən çıxarıb.

Tərcümənin keyfiyyətsizliyindən narazı qalan Turan əvvəlcə narazılığını bildirərək: “Bu, əsl türk dili deyil, yaxşı olar ki, ingiliscə danışaq” - deyib. Lakin problemin davam etdiyini görən məşqçinin sonda səbri tükənib: “Dostum, əgər mətbuat konfransı təşkil edirsinizsə, qoy tərcüməçi mənim dilimdə danışsın! Bu, türk dili deyildi” - deyərək qulaqlıqları çıxarıb və zalı tərk edib.

Qeyd edək ki, Arda Turan "Şaxtyor"un ev oyunlarını öz vətənində keçirməyi təklif etsə də, UEFA hər iki qarşılaşmanın Polşada oynanılmasına qərar verib. "Lex" - "Şaxtyor" matçı bu gün Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.