BAKI, 30 oktyabr. TELEQRAF

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bredli Kuper Prezident Donald Trampa İrana qarşı mümkün hərbi zərbələrin variantlarını təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.

Məlumata görə, Ağ Evdə keçirilən görüşdə ABŞ-ın müdafiə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn də iştirak ediblər.

Nəşr qeyd edir ki, Kuperin Trampla şəxsən görüşməsi nadir haldır. Bu görüş Vaşinqtonun İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamaq imkanını daha ciddi nəzərdən keçirdiyinə işarə edə bilər.

WSJ daha əvvəl ABŞ-ın Konqresə aralıq seçkilərdən sonra İrana qarşı “qısamüddətli, lakin intensiv hərbi kampaniya” keçirə biləcəyi barədə Fars körfəzinin bir sıra ölkələrini xəbərdar etdiyini yazıb.

Eyni zamanda, ABŞ-ın vitse-prezidenti Cey Di Vens Donald Trampın razılığı ilə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə məktub göndərərək iki ölkə arasında danışıqların keçirilməsini təklif edib. Vens ABŞ nümayəndə heyətinə rəhbərlik etməyə hazır olduğunu bildirib.

İranın “Tasnim” agentliyinin məlumatına görə, Tehran məktubu alsa da, hələlik ona cavab verməyib.