BAKI, 29 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp prezidentliyə və vitse-prezidentliyə namizədlər üçün məcburi idrak testlərinin keçirilməsini təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
O, Cənubi Karolinadakı çıxışı zamanı keçmiş prezident Co Baydenin administrasiyasını bir daha tənqid edərək belə bir təklif irəli sürüb.
Tramp Baydenin prezidentliyinə toxunaraq deyib: "Düşünürəm ki, prezidentliyə və ya vitse-prezidentliyə namizəd olan insanlardan koqnitiv testlər vermələri tələb olunmalıdır, çünki biz əvvəlki kimi daha dörd il keçirə bilmərik".
ABŞ lideri Vermont senatoru Berni Sandersdən bəhs etdikdən sonra bu mövzunu gündəmə gətirib. Tramp zarafatla onu "137 yaşlı" kişi adlandırıb və əlavə edib ki, o, hələ də zehni itiliyini qoruyub saxlayır.
Tramp həmçinin şəxsən üç dəfə idrak testi verdiyini və hər dəfə bütün sualları uğurla cavablandırdığını bildirib.
"Qoy koqnitiv testlər versinlər. Mən üç belə test verən yeganə prezidentəm və yeri gəlmişkən, hər birindən əla qiymət aldım", - deyə o bildirib.
Tramp siyasətçilərin idrak qabiliyyətləri ilə bağlı narahatlıqlarını əsas gətirərək, yüksək səviyyəli dövlət vəzifələrinə namizədlər üçün dəfələrlə bu cür testlər təklif edib. O, əvvəllər belə bir tələbin müəyyən edilməsinə çalışdığını iddia edib, lakin ona belə bir tədbirin ABŞ Konstitusiyası ilə ziddiyyət təşkil edə biləcəyi deyilib.