BAKI, 30 oktyabr. TELEQRAF
Yəməndəki husi üsyançılarının Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada atdığı ballistik raketlərin qalıqlarının yerə düşməsi nəticəsində bir nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi məlumat yayıb.
Qurumun rəsmi nümayəndəsi Məhəmməd əl-Həmmadinin sözlərinə görə, hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan iki ballistik raketin qalıqları yaşayış ərazisinə düşüb. Nəticədə bir nəfər yüngül xəsarət alıb, yaşayış evi və avtomobilə ziyan dəyib.
Məlumatı Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi yayıb.
Bildirilib ki, ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri Ər-Riyad istiqamətində buraxılan iki ballistik raketi havada məhv edib.
Husilərin hərbi nümayəndəsi Yəhya Səri isə Səudiyyə Ərəbistanı ərazisindəki bir sıra obyektlərə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiklərini iddia edib.
Onun sözlərinə görə, hücumların hədəfləri arasında “Saudi Aramco” şirkətinin neft obyektləri, hərbi məntəqələr və hava limanları olub.