BAKI, 30 oktyabr. TELEQRAF
ABŞ-nin birinci xanımı Melaniya Tramp Ukraynanın Xerson vilayətinin Aleşki şəhərində həyata keçirilməsi planlaşdırılan humanitar missiyaya hazırlığın yekun mərhələdə olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, Melaniya Tramp bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, humanitar yardımın çatdırılması üçün nəzərdə tutulan ərazilərdə mina təmizləmə əməliyyatları başa çatdırılıb.
“Ukrayna və Rusiya tərəfindən razılaşdırılmış bütün marşrutlar təhlükəsiz hərəkət üçün təmizlənib. Humanitar yardım karvanı tezliklə Aleşkiyə daxil olaraq sakinlərə ərzaq, içməli su, dərman və digər zəruri ləvazimatlar çatdıracaq”, – deyə Tramp bildirib.
Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova da humanitar missiya üçün nəzərdə tutulan marşrutların minalardan təmizləndiyini açıqlayıb. Onun sözlərinə görə, yardım karvanı şəhərin mərkəzi rayon xəstəxanasına istiqamətlənəcək.
Qeyd edək ki, Rusiya və Ukrayna Melaniya Trampın vasitəçiliyi ilə Aleşkidə humanitar yardımın çatdırılması və mülki əhalinin təhlükəsiz dəhliz vasitəsilə təxliyəsinə şərait yaradılması məqsədilə atəşkəs barədə razılığa gəliblər.
Oktyabrın 27-dən etibarən Xerson istiqamətində humanitar əməliyyata hazırlıq çərçivəsində atəşkəs rejimi tətbiq olunur.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl Aleşkidə humanitar vəziyyətin kritik olduğunu bildirmişdi. Rusiya tərəfinin məlumatına görə, əvvəllər 20 min nəfərin yaşadığı şəhərdə hazırda mindən bir qədər çox sakin qalıb.