BAKI, 17 fevral. TELEQRAF

“Bakıya gözəl əhval-ruhiyyə ilə gəlmişik”.

Teleqraf xəbər verir ki, bunu İngiltərənin “Nyukasl” klubunun baş məşqçisi Eddi Hau Bakıda “Qarabağ”la keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsi oyunundan öncə mətbuat konfransında deyib.

İngilis mütəxəssis “Qarabağ”ın oyunlarını analiz etdiyini bildirib: “Onların çox yaxşı oyun üslubu var. “Çelsi” ilə matçları hər iki tərəf üçün çətin keçib. Bizi çətin oyunun gözlədiyini deyə bilərəm. Bura pley-off mərhələsidir, qələbə qazanmaq bizim üçün vacibdir. Növbəti mərhələ şansımızı tarixi adlandırardım. Çox uzun yol gəlmişik, yorğunuq, amma yaxşı nəticə əldə etmək istəyirik. Sabah bəzi oyunçularımızdan zədə səbəbindən yararlana bilməyəcəyik. Bizim çox sıx oyun qrafikimiz də var. Bunun hamısını nəzərə almışıq. Komandamızda əhval-ruhiyyə yüksəkdir, bütün məsələlərə kollektiv şəkildə yanaşırıq”.

Hau “Qarabağ”ın hər hansı oyunçusunu fərqləndirmək istəmədiyini vurğulayıb. “Rəqibin baş məşqçisi Qurban Qurbanovun uzun müddət bu postu tutması hörmətəlayiqdir. O, çox çətin turnirdə uğur qazanır. Komanda onun rəhbərliyi altında çox yaxşı oyun oynayır. “Qarabağ”ın cinahlarda çox yaxşı futbolçuları var”.