BAKI, 17 fevral. TELEQRAF
“Bizim üçün əsas olan komanda şəklində oynamaqdır”.
Teleqraf xəbər verir ki, bunu İngiltərənin “Nyukasl” klubunun futbolçusu Entoni Elanqa Bakıda “Qarabağ”la keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsi oyunundan öncə mətbuat konfransında deyib.
İsveçli oyunçu baş məşqçi Eddi Haunun təlimatlarını yerinə yetirməli olduqlarını bildirib: “Futbolçuların hamısı baş məşqçi üçün oynayır. Bəzi oyunlarda səhvlərimiz olur. Ona görə də stabillik önəmlidir. “Qarabağ”la oyunda da onun təlimatlarını yerinə yetirməliyik. Qələbələrimizin davamlı olmasını istəyirik. “Qarabağ” qeyri-adi, eləcə də güclü komandadır. Bu oyuna çox ciddi şəkildə hazırlaşmışıq. Onların da ambisiyalarının yüksək olduğunu bilirik. Maksimum qədər mərhələ adlamaq istəyirik.
Elanqa “Qarabağ”ın uğuruna təəccüblənmədiyini əlavə edib: “Onların “Kopenhagen” və “Çelsi” ilə oyunları mənin diqqətimi cəlb etmişdi. Çempionlar Liqasında olan heç bir komanda zəif olmur. Azərbaycan futboluna və hansı potensiala malik olduğuna bələdik. Bir neçə il öncə Bakıda Azərbaycan millisi ilə oyunda iştirak etmişdim”.