BAKI, 3 fevral. TELEQRAF
"Qarabağ"ın UEFA Çempionlar Liqasının 1/16 mərhələsindəki rəqibi İngiltərənin "Nyukasl" klubu kapitanı Camal Lascelleslə yollarını ayırıb.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi çempionşipdə mübarizə aparan "Lester"ə keçib.
Lascelles 2014-cü ildən "Nyukasl"ın şərəfini qoruyur. O, klubun heyətində ümumilikdə 253 oyuna çıxıb.
Qeyd edək ki, "Qarabağ" və "Nyukasl" fevralın 18-də saat 21:45-də Bakıda və bir həftə sonra saat 00:00-da İngiltərədə pley-off matçında qarşı-qarşıya gələcək.