BAKI, 27 yanvar. TELEQRAF

“Dünyanın ən əfsanəvi stadionlarından birində çox çətin bir rəqibə qarşı oynayacağıq”.

Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Marko Yankoviç İngiltərədə “Liverpul”la keçiriləcək UEFA Çempionlar Liqası oyunu öncəsi təşkil olunan mətbuat konfransında deyib.

“Burada olduğumuz üçün çox xoşbəxtik. Meydanda ən yaxşı oyunumuzu nümayiş etdirməyə çalışacağıq. Səfərdə oynayacağımıza baxmayaraq, Bakıya yaxşı nəticə ilə qayıtmaq niyyətindəyik. Bütün bu illər ərzində avrokubok oyunlarımızda və hətta yerli çempionat oyunlarımızda həmişə yüksək təzyiq altında oynadığımızı hamı bilir. Hansı komandanın əks tərəfdə olmasının heç bir fərqi yoxdur. "Liverpul"un çox yaxşı oyunçuları var, texniki və böyük keyfiyyətlərə malikdirlər. Adbaad demək istəmirəm. "Bayer Leverkuzen"lə matçlarda Florian Virtslə Ceremi Frimponq artıq bizə qarşı oynayıblar. Həmin dönəm onlar Avropanın ən güclü komandalarından biri idilər, amma onlara qarşı 2-3 möhtəşəm oyun keçirməyi bacarmışdıq. Ümid edirəm ki, sabah bənzər bir şeyi təkrarlaya bilərik, amma bu dəfə daha yaxşı nəticə ilə", - deyə Yankoviç bildirib.

Qeyd edək ki, “Liverpul” — “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.