BAKI, 30 oktyabr. TELEQRAF

ABŞ-nin vitse-prezidenti Cey Di Vens naməlum uçan obyektlər (UNO) və fövqəltəbii hadisələrlə bağlı həqiqətləri öyrənmək üçün tam məxfi məlumatlara çıxış imkanından istifadə etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, Vens bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

Vitse-prezident bildirib ki, dünyada baş verən bütün hadisələri yalnız fizika qanunları ilə izah etməyin mümkün olduğuna inanmır.

“Mən inanclı xristianam və düşünürəm ki, hər şeyi yalnız fizika qanunları ilə izah etmək mümkün deyil. Yaxşı ruhların mövcudluğuna inanıram, onları mələklər də adlandırmaq olar. Eyni zamanda, pis ruhların da olduğunu düşünürəm”, – Vens deyib.

O, naməlum uçan obyektlərlə bağlı bütün məlumatlara sahib olmadığını, lakin artıq bu məsələni araşdırmağa başladığını bildirib.

“Tam məxfi məlumatlara çıxış imkanlarımdan istifadə edərək bu məsələni hərtərəfli araşdırmaq niyyətindəyəm. Nəticədə həm yaxşı, həm də dəhşətli cavabla qarşılaşa bilərəm”, – ABŞ rəsmisi vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da oktyabrın ortalarında “Newsmax” telekanalına müsahibəsində naməlum uçan obyektlərlə bağlı açıqlama verib.

Tramp səmada qeyri-adi yüksək sürətlə hərəkət edən naməlum obyektləri müşahidə etdiklərini bildirən amerikalı hərbi pilotlarla şəxsən danışdığını söyləyib.

ABŞ lideri həmin pilotları etibarlı peşəkarlar hesab etdiyini və onların iddialarını əsassız sui-qəsd nəzəriyyələri kimi qiymətləndirmədiyini vurğulayıb.

Bununla belə, Tramp yadplanetlilərin mövcudluğu, onların Yer kürəsinə mümkün səfərləri və ABŞ mütəxəssislərinin ehtimal olunan yadplanetli texnologiyalarını araşdırması barədə suallara konkret cavab verməyib.