BAKI, 14 yanvar. TELEQRAF
“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı növbəti rəqibi olan Almaniyanın "Ayntraxt Frankfurt" klubunun idman direktoru Markus Kröşe komandanın oyununu sərt tənqid edib.
Teleqraf xəbər verir ki, 45 yaşlı mütəxəssis komandanın Bundesliqanın XVII turunda səfərdə “Ştutqart”a 2:3 hesabı ilə uduzduqları oyunda müdafiə xəttində kobud səhvlərə yol verdiyini bildirib.
Bütün turnirlərdə qapısında 53 qol görən Frankfurt təmsilçisi bu göstərici ilə Bundesliqada yalnız sonuncu pillədəki "Haydenhaym"dan geri qalır. Kröşe komandanın müdafiə oyununu aşağı yaş qrupları ilə müqayisə edərək deyib: "Oyun planımızı tamamilə itirmişdik. Rəqibə təzyiq etməyərək qapımızda asan qol fürsətləri yaratmalarına imkan verdik. Belə səhvlər etməməyi hələ U-15 səviyyəsində öyrədirlər".
Qeyd edək ki, “Ayntraxt Frankfurt” 26 xalla Bundesliqanın 7-ci pilləsində qərarlaşıb.
“Qarabağ”la Almaniya klubu yanvarın 21-də üz-üzə gələcək.