BAKI, 26 noyabr. TELEQRAF
“Komanda həmişə baş məşqçinin yanında olub, məşqçi də komandanın. Sadəcə özümüzü tapmalı idik. "Qarabağ"la oyunda buna nail olduq”.
Teleqraf xəbər verir ki, bu sözləri “Napoli”nin kapitanı Covanni Di Lorentso UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda “Qarabağ”la oyundan sonra “Sky Sport”a açıqlamasında deyib.
32 yaşlı müdafiəçi qələbə barədə fikirlərini belə bölüşüb: “Matç kifayət qədər çətin keçdi. Çempionlar Liqasında yenidən qələbə qazanmaq və xal toplamaq istəyirdik. Üstəlik, bu gün Maradonanın vəfatının ildönümü idi. Azarkeşlərimizin qarşısında belə qələbə ilə yadda qalan bir gecə yaşadıq.
Son günlər komanda daxilində fərqli hava, fərqli bir coşğu hiss olunurdu və bu, meydanda da özünü göstərdi. Qrup olaraq yenidən bir araya gəlməyə ehtiyacımız var idi, çünki son vaxtlar ən yaxşı səviyyəmizdən uzaq idik. Komanda həmişə birləşmiş olub və bunu oyunla sübut edir. Əgər əsasda sağlam və birlikdə olan bir kollektiv yoxdursa, çətin anlardan çıxmaq mümkün deyil. Bu, bizim əsas üstünlüyümüzdür”.