BAKI, 26 noyabr. TELEQRAF

"Bu, Neapol şəhəri və klubumuz üçün xüsusi bir gün idi. Dieqo Maradonanın vəfatının ildönümündə layiqli çıxış etməyə çalışdıq".

Teleqraf xəbər verir ki, bunu İtaliyanın "Napoli" klubunun baş məşqçisi Antonio Konte evdə "Qarabağ"ı 2:0 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqası oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

"Futbolda həm qazanmaq, həm də uduzmaq olar, amma bütün gücümüzü meydanda qoymalıyıq. Futbolçuların hazır olması baxımından çətin bir dövrdəyik. "Atalanta" və "Qarabağ"a qarşı iki əla oyun keçirdik. Çempionlar Liqasında asan rəqib yoxdur, lakin mən əmin idim ki, bu tempi qorusaq, qol vuracağıq. "Qarabağ" çətin rəqibdir. Onların "Çelsi" və "Benfika" ilə oyunları hər şeyi açıq şəkildə göstərir. Rəqibin qapıçısı möhtəşəm qurtarışlar etdi. Qol vura bilməyəcəyik deyə təəssürat yaranırdı", – deyə Konte bildirib.