BAKI, 24 noyabr. TELEQRAF

“Bizim üçün Kevin De Bruynenin oynamaması önəmlidir, amma “Napoli” qarşısında qol vurmaq və nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Marko Yankoviç İtaliyada “Napoli”yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının V tur oyunundan öncə mətbuat konfransında deyib.

O, güclü komandaya qarşı oynayacaqlarını söyləyib: “Onlar İtaliya çempionudur. Amma biz hazırıq və sabahın necə keçəcəyinə baxacağıq. Öz futbolumuzu oynamağa çalışacağıq, hədəfimiz hər zaman maksimumu vermək və digər komandaların hörmətini qazanmaqdır. Qalib gələ, uduza və ya heç-heçə edə bilərik, amma biz hər zaman hücum futbolu oynamağa çalışacağıq. “Napoli” evdə oynadığı üçün favoritdir. Amma bizim də öz ambisiyamız var. Qazandığımız 7 xalla göstərdik ki, böyük komandalarla oynaya bilirik. Rəqib cəsarətli futbol oynayan komandadır, amma biz də qol vurmağa və öz oyunumuzu göstərməyə çalışacağıq. Kevin De Bruyne çox bəyəndiyim bir futbolçudur, onun sabah bizə qarşı oynamayacağı yaxşıdır. Amma “Napoli” yenə də çox güclüdür – hamı hücuma da qoşulur, müdafiəyə də. Onlara qarşı qol vurmaq çox çətindir”.