BAKI, 23 oktyabr. TELEQRAF

“Bərabərlik qolunu fasilədən əvvəl vurmağımız çox vacib idi. Çünki nəticədə oyunu çevirməyi bacardıq”.

Teleqraf xəbər verir ki, bu sözləri “Atletik"in baş məşqçisi Ernesto Valverde UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Qarabağ”ı 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis Ağdam təmsilçisinin erkən qolunu sakit qarşıladığını bildirib: “Kifayət qədər sakit idim. Qarşımızda bütün oyun vardı. Bir az tələsik başladıq. Sanki birinci qolu yox, ikinci qolu vurmaq istəyirdik. Amma imkanlar yaratmağa davam etdik, bu da əsas idi. Bir müddət oyun nəzarətimizdən çıxdı, rəqib bizim cərimə meydanımıza yaxınlaşırdı. Fasilədən əvvəl bərabərlik qolunu vurduq və bu çox vacib oldu, çünki sonda oyunu çevirdik. Bu qələbə qarşıdakı matçlar üçün bizə mənəvi təkan verir və həm də xal hesabında sıfırdan qurtulmağımıza səbəb oldu. “Borissiya Dortmund”la oyundan sonra pis təəssürat qalmışdı. Bizim üçün qələbə çox vacib idi. Çempionlar Liqasında bunu etmək asan deyil”.

Baş məşqçi matçın kifayət qədər dinamik krçməsini belə şərh edib: “Hücumları tamamlamaqda bir az sakitlik çatmadı, daha dəqiq vəziyyətlər yarada bilərdik. Amma “Qarabağ”ı öz oyunumuzun axınına saldıq, onları istəmədikləri ritmə məcbur etdik. Cərimə meydanına yaxın olduğun zaman stressi rəqibə ötürmək vacibdir. Topu oyuna çıxararkən bir az risk etdik və bunu bizə vurulan ilk qolda gördük. Qəribə bir vəziyyət idi. Yuri qapı xətti üzərində topu xilas etdi, bu da önəmlidir. Biz bu tip oyunlara öyrəşmişik. Məncə, kobud oyun deyildi və gecikmiş müdaxilələr çox olmadı. Əlbəttə, hər iki komanda üçün vacib matç idi, amma mən çox aqressiv vəziyyətlər görmədim. Bəlkə də buna artıq alışmışıq.”

Mütəxəssis İnyaki Uilyamsın zədəsi barədə də danışıb: “Bu, Mallorka ilə oyundakı kimi eyni nahiyədə deyil, sabaha qədər gözləməliyik”.