BAKI, 23 iyun. TELEQRAF

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Çinin “CRRC Ziyang Co., Ltd” şirkətinin rəhbəri Çen Çjisinlə görüşündə ADY-nin lokomotiv parkının yenilənməsi müzakirə olunub.

Səhmdar cəmiyyətindən Teleqraf-a verilən məlumata görə, ADY-nin nümayəndə heyətinin Çinə işgüzar səfəri çərçivəsində keçirilən iclasda həmçinin yük və sərnişin daşımaları üzrə hərəkət tərkibinin texniki imkanlarının artırılması, beynəlxalq nəqliyyat dəhlizləri ilə artan yük daşımaları üzrə çevik və təhlükəsiz xidmət göstərilməsi, eləcə də ADY ilə “CRRC Ziyang Co., Ltd.” arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Bildirilib ki, ADY ilə “CRRC Ziyang” arasında 7 ədəd yeni yük lokomotivinin alışı barədə ötən il imzalanmış müqaviləyə əsasən, lokomotivlərin sentyabr ayında Azərbaycana çatdırılması nəzərdə tutulur. Tərəflər növbəti mərhələdə sifariş olunacaq 14 lokomotivin alışı ilə bağlı danışıqlar aparıblar. ADY nümayəndə heyəti 7 lokomotivin istehsal prosesinin son mərhələsi ilə tanış olub, bir sıra texniki məsələlər barədə fikir mübadiləsi aparılıb. Qabaqcıl texnologiyalarla təchiz olunmuş AC50 tipli magistral lokomotivləri Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük daşımalarında istifadə olunacaq.

Görüş çərçivəsində həmçinin ADY ilə “CRRC Ziyang” şirkəti arasında 4 ədəd yeni magistral sərnişin lokomotivinin alışı haqqında müqavilə imzalanıb. Lokomotivlərin 2027-ci il ərzində Azərbaycana çatdırılması nəzərdə tutulur.