BAKI, 23 iyun. TELEQRAF

Qırğızıstan-Özbəkistan Hökumətlərarası Komissiyasının 12-ci iclası Çolpon-Ata şəhərində keçirilib.

Teleqraf xəbər verir ki, iclasa Qırğızıstan Baş naziri Adılbek Kasımalıyev və Özbəkistan Baş naziri Abdulla Aripov sədrlik edib.

Tərəflər sənaye, kənd təsərrüfatı, enerji, logistika və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Regionun ən böyük infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirilib. Bura tərəflərin “XXI əsrin yeni İpək Yolu” adlandırdığı Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi, eləcə də “Kambarata-1” Su Elektrik Stansiyası (SES) üzrə birgə işlər daxildir.

Görüşün yekununda tərəflər qarşılıqlı ticarət dövriyyəsini 2030-cu ilə qədər 2 milyard dollara çatdırmaq planlarını təsdiqləyərək, yeni əməkdaşlıq müqavilələri paketi imzalayıblar.

İclasdan sonra Hökumətlərarası Komissiyanın 12-ci iclasının protokolu da imzalanıb.