BAKI, 23 iyun. TELEQRAF
Rusiya qoşunları Ukraynanın Donbas bölgəsinin qalan hissəsi üçün ən mühüm dayaq məntəqələrindən biri olan Kostyantinivkaya daxil olaraq, şəhəri öz nəzarətləri altına almaq təhlükəsi yaradıblar.
Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Ukrayna hərbçiləri Britaniya nəşrinə bildiriblər ki, şəhər faktiki olaraq artıq heç bir tərəfin tam nəzarət etmədiyi “boz zona”ya çevrilib.
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, rus qüvvələri şəhərin cənub-qərb hissəsində əməliyyatları gücləndirib və Ukrayna bölmələrini mühasirəyə alırlar.
“Son hücum Moskvanın Kostyantinivkanı işğal edəcəyi ilə bağlı narahatlıqları artırıb. Bu isə Kramatorsk və Slovyansk şəhərlərinə - Donetsk vilayətinin şərqində qalan son böyük dayaq məntəqələrinə yol aça bilər”, - nəşr vurğulayıb.
Ukrayna mənbələri qeyd ediblər ki, Kostyantinivkaya daxil olan Rusiya qoşunlarını şəhər şəraitində sıxışdırıb çıxarmaq son dərəcə çətindir, vəziyyət “böyük böhran” mərhələsinə keçib.
Cənubdan hücum edən Rusiya əsgərləri artıq Kostyantinivkanın şimal ətraflarənda müşahidə olunub.
Rəsmi Kiyev Kostyantinivkanın mühasirəyə alındığı barədə iddiaları rədd edib. Ukrayna ordusunun 19-cu Korpusunun komandanı, briqada generalı Oleksandr Bakulin deyib ki, vəziyyət nəzarət altındadır və Rusiya uğur qazana bilməyib. Bununla belə, o etiraf edib ki, hazırda şəhərdə təxminən 130 Rusiya hərbçisi var.