BAKI, 21 oktyabr. TELEQRAF
“Bu, həm onlar, həm də bizim üçün çox çətin oyun olacaq”.
Teleqraf xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Kevin Medina İspaniyada "Atletik" ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin III tur oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib.
Kolumbiyalı mərkəz müdafiəçisi “Atletik”ə qarşı maksimum müqavimət göstərməyə çalışacaqlarını deyib. O, rəqibin aparıcı futbolçuları sayılan Uilyams qardaşlarına qarşı xüsusi hazırlaşmadıqlarını qeyd edib: “Hazırlığımız yalnız Uilyams qardaşlarına qarşı deyil, ümumilikdə “Atletik” komandasınadır. Onlar klubun simalarıdır, amma biz təkcə onlara qarşı oynamırıq. Biz bütün komandaya qarşı mübarizə aparmaq üçün yaxşı hazırlaşmışıq”.
Ötən mövsüm istədiyi səviyyədə çıxış edə bilməyən Medina bu il daimi heyət üzvünə çevrilməsi və performansını yaxşılaşdırması barədə də danışıb: “ Ötən mövsümdə yaxşı formada olmamağım mənim üçün motivasiya oldu. Özümü psixoloji cəhətdən hazırladım ki, ən yaxşı formama qayıdım. Hazırda özümü çox yaxşı hiss edirəm. İnsan səhvlərdən öyrənir və mən də bu il daha yaxşı olduğumu düşünürəm”.