BAKI, 1 oktyabr. TELEQRAF
“Düşünürəm ki, “Qarabağ” “Kopenhagen”ə qalib gələcək gücdədir. Ən pis halda heç-heçə ola bilər”.
Bu sözləri Teleqraf-a Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov “köhlən atlar”ın Bakıda Danimarka təmsilçisi “Kopenhagen”ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu ilə bağlı danışarkən deyib.
55 yaşlı mütəxəssis Ağdam təmsilçisinin yaxşı oyun göstərərək uğurlu nəticə qazana biləcəyini bildirib:
"İlk turda “Benfika"nı məğlub etdikdən sonra həm futbol ictimaiyyətində, həm də azarkeşlərdə inam yaranıb ki, “Qarabağ” hər rəqibə qarşı qələbə qazana bilər. Evdə oynayırıq, böyük azarkeş dəstəyi olacaq. Əsas odur ki, ilk dəqiqələrdən Ağdam təmsilçisinin oyunu uğurlu alınsın.
Çətinliklər var. Yankoviçin yoxluğu mənfi təsir göstərə bilər. Amma “Qarabağ”da həmişə əvəz edəcək oyunçular var. Əsas odur ki, sistem işləyir, müəyyən oyun üslubu formalaşıb. Bu baxımdan oyunçuların kimliyi fərq etməz. Əsas “Qarabağ”ın oyun üslubudur və o öz sözünü deyəcək”.
Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu bu gün saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.