BAKI, 9 sentyabr. TELEQRAF

”Heç bir komandanı az qiymətləndirməməliyik”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna komandasının baş məşqçisi Sergey Rebrov DÇ-2026-nın seçmə mərhələsində Bakıda Azərbaycan millisi ilə 1:1 hesablı heç-heçə etdikləri ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis meydanın oyuna tam hazır olmadığını söyləyib: “Öz oyunumuzu oynaya bilmirdik. Sadəcə olaraq, son 10 dəqiqədə hücumda yaxşı idik. Azərbaycan millisi əks-hücumlarda özünü yaxşı tərəfdən göstərə bildi”.

O, komandasının xal itirməsinin səbəbini açıqlayıb: “Minimal hesabla uduzsa idik belə komandamdan razı qalmayacaqdım. Ölkəmizdə hazırda müharibə şəraitidir, heç kim neqativ fikir söyləməlidir. Azərbaycan yığmasının əsas oyunçuları UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edən “Qarabağ” komandasının üzvləridir. Rəqib zəif deyildi”.

Rebrov ukraynalı azarkeşlərə təşəkkür edib: “Stadionda çoxlu azarkeşlərimiz var idi. Hətta deyərdim ki, ev oyunlarımızı keçirdiyimiz Polşadan daha çox idilər”.