BAKI, 8 ssntyabr. TELEQRAF
"Fernandu Santuşun işindən ayrılmasının bizim oyunumuza təsiri olacaq. İnanırıq ki, biz sabah yenə də öz oyunumuzu göstərəcəyik".
Teleqraf xəbər verir ki, bunu Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov Bakıda Azərbaycana qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə oyunundan öncə mətbuat konfransında deyib.
O, sabah onlar üçün asan matç olmayacağını qeyd edib: “Düşünmürəm ki, Azərbaycan millisi zəif komandadır. Başa düşürəm ki, bir gün əvvəl baş məşqçisini dəyişmək çətin olacaq. Amma İslandiya ilə oyuna baxmışam. Onların zəif oynadığını düşünmürəm”.
Ukrayna millisinin üzvünün evinə Rusiya dronunun hücum etməsinə toxunub:
“Təəssüf ki, biz 3 ildir belə vəziyyətdə yaşayırıq. Ötən illərdə başqa futbolçular belə hallarla qarşılaşıb. Amma bu, bizi daha da gücləndirir. Biz bilirik ki, bura hansı futbolçuları gətirmişik”.
Qeyd edək ki, Azərbaycanla Ukrayna arasında matç sentyabrın 9-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.