BAKI, 28 avqust. TELEQRAF
İngiltərənin "Çelsi" klubunun futbolçusu Kristofer Nkunku karyerasını İtaliyada davam etdirə bilər.
Teleqraf məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, fransalı hücumçu "Milan"a keçməyə yaxındır.
Tərəflər arasında artıq tam razılıq əldə olunub. 27 yaşlı oyunçunun tibbi müayinədən keçdikdən sonra uzunmüddətli müqavilə bağlayacağı gözlənilir.
Nkunkunun transferi "Milan"a 42 milyon avroya başa gələcək.
Qeyd edək ki, Kristofer Nkunku 2023-cü ilin yayından "Çelsi"də idi. O, ötən mövsüm ərzində iştirak etdiyi 48 oyunda 15 qol və 5 məhsuldar ötürmə müəllifi olub.