BAKI. 8 iyul. TELEQRAF
"Öncə klub prezidenti ilə Belqradda görüşdük. Riad Rəfiyev bu klubun böyük layihə olduğunu bildirdi. Onunla danışdıqdan sonra 1 illik müqavilə bağladıq".
Teleqraf xəbər verir ki, bunu "Sumqayıt" komandasının yeni baş məşqçisi Saşa İliç keçirdiyi mətbuat konfransında deyib.
48 yaşlı serbiyalı mütəxəssis gəlməzdən öncə Azərbaycanda çıxış etmiş futbolçulardan bəzi məlumatları aldığını bildirib: “Xüsusilə “Qarabağ”da çıxış etmiş serbiyalı və montenoqrolu oyunçularla danışdım. Ona görə ölkə çempionatı barədə bəzi məlumatlarım var".
İliç gələcək hədəflərindən də söz açıb: “Stadion və şəraitlə tanış oldum. Növbəti mövsüm daha yaxşı nəticələr uğrunda mübarizə aparacağıq. Futbolda hər şey tez dəyişir. Bir illik müqavilə ancaq başlanğıcdır. Bunun da davamı gələcək. Mənim üçün əsas məqsəd komandanı qurmaq, oyun üslubunu müəyyənləşdirməkdir. Bundan ötrü kifayət qədər zamanımız var. Çempionata hazırlığımız davam edəcək".
Əcnəbi mütəxəssis Azərbaycana gələrkən qarşısına hansı şərt qoyulduğunu da açıqlayıb: “Təbii ki, ötən mövsüm komandanın çıxışı barədə məlumatım var. Bu nəticəni qeyri qənaətbəxş saymaq olar. Növbəti mövsüm avrokubokları hədəf götürmüşük. Amma hər şey futbolçulardan aslı olacaq. Bu üzdən keyfiyyətli yeni oyunçuları cəlb etməyə fokuslanmışıq. Belə halda hədəflərimizə çata bilərik”.
Daha çox Türkiyə “Qalatasaray”ından tanınan keçmiş ulduz futbolçu öz karyerasının iş prosesinə təsir etməyəcəyini qeyd edib: “Futbolçu ilə məşqçilik arasında fərq böyükdür. İnsanlar məni futbolçu kimi qəbul edirsə, bu, mənim üçün daha yaxşıdır. Xüsusilə də məşqləri keçərkən bu, mənə kömək ola bilər. Artıq 5 ildir ki, məşqçi kimi fəaliyyət göstərirəm. Futbolçu olmağımın mənə ancaq xeyri dəyir”.
Təcrübəli mütəxəssis yeni transferlərlə bağlı planlarından da danışıb: “Əslində hər məşqçi kimi, mən də komandamın indidən hazırlıqlı olmasını istərdim. Amma mövcud vəziyyəti bilirsiniz. Hazırda komandada 16-17 futbolçu var. Biz klub prezidenti ilə əl-ələ verib qısa müddətdə komandanı komplektləşdirməklə növbəti mövsümə hazırlığı davam etdirəcəyik”.
İliç Camal Akayevin “Championat.com” nəşrinə açıqlamasında “klub prezidenti Riyad Rəfiyev ilk dəfə təklif göndərdikdə qəbul etməyib, daha sonra isə razılıq verib” sualına isə belə reaksiya verib: “Bu, düzgün məlumat deyil”.
Serbiyalı baş məşqçi əvvəl işlədiyi klublarda oyun üslubunu da açıqlayıb: “Əslində bu, komandadan da asılıdır. Bolqarıstanın MOİK klubunda işləyərkən orada oyunçuların xüsusiyyəti və çempionatı səviyyəsi önəmli idi. Çünki çoxu müdafiədən oynayırdı. Hazırda “Sumqayıt”da komanda komplektləşdirilməyib. Bunun üçün bir-iki həftəmiz var. Artıq hər şey futbolçuların keyfiyyəti və komandaya uyğunlaşmasından aslı olacaq. Ona uyğun da oyun fəlsəfəsini quracağıq”.
İliç "Nijni Novqorod"da bəyəndiyi futbolçuların Azərbaycana gətirilməsi barədə dəqiq fikir deyə bilməyəcəyini vurğulayıb. O, əvvəlki klublarda maksimum 1 mövsüm işləmisinin səbəbini belə izah edib: “Rusiyada məqsədim komandanı Premyer Liqada saxlamaq idi, onu da etdim. Yəqin ki, gedişim məndən yox, komandadan asılı olub. Amma nəticə əldə edə bildim. "Atromitos"a gəldikdə, müəyyən nəticələr əldə etmişik. Komandanı qəbul edəndə 3 xalı var idi, pley-off mərhələsinə daşıdım. MOİK-də isə Bolqarıstan çempionatında 2-ci yerdə idik, liderə yaxın mövqedə qərarlaşdıq. Hər yerdə bir mövsümdən artıq alınmadı. Amma müasir futbolda bu, çox çətindir. Mənim karyeram asan olmayıb”.
Serbiyalı mütəxəssis “sizdən öncə "Sumqayıt"ın baş məşqçisi postuna bir çox mütəxəssisin adı çəkilirdi, nəyə görə Riad Rəfiyev sizinlə işləməyə üstünlük verdi” sualına isə belə reaksiya verib: “Onun özündən soruşarsınız, mən bilmirəm (gülür - red.)”.