TBİLİSİ, 24 mart. TELEQRAF

Ötən gün Tbilisidə UEFA Millətlər Liqasının pley-off mərhələsində Gürcüstan və Ermənistan futbol yığmaları arasında keçirilən oyunda Azərbaycana qarşı təxribat törədilib.

Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, “Dinamo Arena” stadionunda erməni azarkeşlər Ermənistan bayraqları ilə yanaşı, tarixin zibilliyinə göndərilmiş qondarma “Artsax bayrağı”nı da tutublar.

Ermənilər Azərbaycana qarşı yönəlmiş bu təxribata Ermənistan-Gürcüstan oyununda artıq ikinci dəfədir əl atırlar. Martın 20-də yığmalar arasında İrəvanda keçirilmiş ilk qarşılaşmada da “Artsax”ın böyük ölçüdə əski parçası stadionda peyda olmuşdu.

Teleqraf-ın yerli bürosu Tbilisi stadionundakı erməni təxribatı ilə bağlı Gürcüstanın Futbol Federasiyasının (GFF) mövqeyini öyrənmək məqsədilə quruma sorğu ünvanlayıb.

Qeyd etmək yerinə düşər ki, GFF Prezidenti Levan Kobiaşvili bu gün bəyanat yayaraq ötən gün bir qrup gürcü azarkeşin ermənilərə qarşı davranışlarını qınayıb. O, gürcülərin qonaq komanda azarkeşlərinə plastmas butulkalar ataraq onları qarşıdurmaya sövq etməsini yolverilməz adlandırıb. Federasiya rəhbəri erməni azarkeşlərə Tbilisidə və İrəvanda “dostluq atmosferi yaratdıqlarına görə” təşəkkür də edib.

Məsələyə münasibət açıqlayan Tbilisi meri, keçmiş futbolçu Kaxa Kaladze faktı xoşagəlməz adlandırıb. O, bəzi gürcü azarkeşlərin davranışlarına görə ermənilərdən üzr belə istəyib.

Erməni azarkeşlər “Artsax bayrağı”nı qaldırmaqla Gürcüstanı da təxribata çəkməyə cəhd ediblər. Onların bu hərəkəti də mütləq qınanmalıdır. Çünki bu, meydan sahiblərinə qarşı hörmətsizlik və qonaq komandanın azarkeşlərinə yaraşmayan hərəkətdir.

UEFA ilə yanaşı GFF də bu təxribatı araşdırmalı və lazımı ölçü götürməlidir.