BAKI. 25 mart. TELEQRAF

"Komandamı təbrik edirəm. Oyuna nəzarət bizdə idi. Yaxşı çıxış etdik".

Teleqraf-ın məlumatına görə, bunu Belarus milli komandasının baş məşqçisi Karlos Alos "Bank Respublika Arena"da Azərbaycan yığmasını 2:0 hesabı ilə məğlub etdikləri yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, məğlubiyyətə baxmayaraq, Azərbaycan millisi çox yaxşı komandadır: "Tacikistanla müqayisədə Azərbaycan millisi daha çətin rəqib idi. Müqayisə aparmaq istəməzdim, amma bu oyun daha çətin idi".

İspaniyalı baş məşqçi hazırda "Neftçi"də çıxış edən belaruslu hücumçu Yeqor Boqomolskinin və "Kəpəz"in kapitanı Yeqor Xvalkonun milliyə dəvət edilməməsinin səbəbini açıqlayıb: "Boqomolski bir necə il öncə bizim millidə çıxlş edirdi. İndu yaxşı formada deyil. Millidə oynamaq ucun yaxşı çıxış etmək mütləqdir. Biz Azərbaycanda çıxış edib-etməməsindən asılı olmayaraq, bütün futbolçuları nəzərdən keçiririk".

O, Azərbaycan millisinin belə oyunla nəyə ümid etməsinə dair sualı isə bu cür cavablandırıb: "Təəssüf ki, mənim kifayət qədər işim var. Milli komandamın qrupumuzu təhlil etməliyəm. Azərbaycan millisinin şansları da var. Bunu təhlil etmək mənim işim deyil. İnanıram ki, rəqib məşqçilər də bu istiqamətdə lazım olan işləri görəcəklər".