BAKI. 26 mart. TELEQRAF

"Fernandu Santuşa nə qədər pul verirsinizsə, bilmirəm, onun 1/10 hissəsini bir yetim azərbaycanlı baş məşqçiyə versəydiniz, heç olmasa, üç ayda bir qələbə qazanardı".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, Belarusa öz meydanında 0:2 hesabı ilə uduzan kollektiv gerçəkdən də bir yığma komandadır: "Haradan yığılıb, necə yığılib, bəlli deyil. Buna elə yığma komanda deyilməlidir. Çünki milli komanda belə olmur".

F.Mustafanın fikrincə, Azərbaycanda nə futbol idarəçiliyi, nə də müasir anlamda futbol var: "Sadəcə imtiyazlı və futboldan üzaq bir qrup adamın işlətdiyi futbol təsərrüfatı var. Yarı fərdi, yarı kollektiv təsərrüfatdır. Hərdən adama elə gəlir ki, “Qarabağ” komandası da başqa planetdən gəlib. Başqa planetdən gələnlərə toxuna bilmədiklərinə görə onu əngəlləyə bilmirlər. Təsəvvür edin ki, bir “Qarabağ” komandasının Avropa Liqasının qrup mərhələsinə çıxması Primyer Liqada oynayan digər komandaların hər birinə 1 milyon avro pul qazandırıb. Yəni, bir komanda digər komandalar üçün oksigen balonu rolu oynayır".