BAKI. 25 mart. TELEQRAF

"Zaqatala" Futbol Klubunun prezidenti Şaban Şirdanov komandanın maliyyə çətinliklərinə görə Premyer Liqaya lisenziya almaqdan imtina etməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Teleqraf xəbər verir ki, klub rəhbəri bu iddiaları təkzib edərək, əsas hədəflərinin yüksək liqada oynamaq olduğunu vurğulayıb.

"Klubumuzun maliyyə problemlərinə görə Premyer Liqaya lisenziya almaqdan imtina etməsi doğru deyil. Bu, məntiqsizdir. Çünki iddialı klublar bu problemləri aradan qaldırmaq üçün Premyer Liqaya yüksəlmək istəyirlər. Biz də əsas çempionata vəsiqə qazanmaq üçün mübarizəni sonadək aparacağıq", - deyə o bildirib.

Şirdanov AFFA-nın klublara stadion infrastrukturu ilə bağlı verdiyi möhlətə də toxunub və bu məsələdə "Zaqatala"nın digərlərindən üstün olduğunu bildirib: "İl boyu əziyyət çəkən və birinci-ikinci yerləri tutan komandaların Premyer Liqaya yüksəlməsi ədalətlidir. Həmin kollektivlərə uğurlar arzu edirəm. Stadionlar şərtləri ödəməyəcəksə, həmin klublar başqa arenalarda oynayacaqlar. Növbəti ilədək infrastrukturu düzəldəcəklər. “Zaqatala” elitaya yüksələrsə, qazonu dəyişməyə, hətta Premyer Liqaya yüksəlməsək belə, sponsor tapsaq, bu çempionatda da yenilənmiş ot örtüyü ilə oynamağa başlaya bilərik".

Klub prezidenti həmçinin komandanın I Liqada ilk "3-lük"də yer alması üçün sona qədər mübarizə aparacağını bildirib və azarkeşlərin dəstəyinin vacibliyini qeyd edib: "Ən böyük hədəfimiz Zaqatalada futbol ənənəsini yaşatmaqdır. Çünki şəhərin sakinlərinin bu idman növünə olan sevgisi böyükdür. Əsas hədəfimiz böyük futbolu Zaqtalada yaşatmaqdır. Təbii ki, Premyer Liqada çıxış etsək, bunları həyata keçirmək daha rahat olar. Biz isə bunu həm rəhbərlik, həm də kollektiv halında etməliyik. “Qəbələ” ilə oyundan sonra komandamız sübut etdi ki, I Liqada bizim qalib gəlməyəcəyimiz rəqib yoxdur. Sonunadək mübarizə aparacağıq. Futbol Zaqatalanın mənəvi dəyərlərindən biridir".

Qeyd edək ki, Azərbaycan I Divizionunda 18 turdan sonra "Zaqatala" 23 xalla 5-ci pillədə qərarlaşıb. Sona 9 tur qalmış komandanı Premyer Liqaya vəsiqə verən 3-cü yerdən 8 xal ayırır.