BAKI. 26 mart. TELEQRAF

"İlk hissə hər iki komandanın ifasında intensiv və balanslı oyun alındı. 10-15 dəqiqə oyunçularım arxaya meylli oynadilar. Başa saldım ki, irəli çıxmaq və hücum qurmaq lazımdır. Hər iki komanda qol epizodları yaratdı. Buna baxmayaraq qapımızda 2 qol gördük".

Teleqraf-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş evdə Belarus yığmasına 0:2 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.

71 yaşlı mütəxəssis bəsit qollar buraxdıqlarını təəssüflə bildirib: "İkinci hissədə Xəyal Əliyev mükəmməl oynayıb: "Həm müdafiə, həm də hücumda yaxşı çıxış etdik. İkinci hissənin ilk 15 dəqiqəsini yaxşı keçirdik. Toral Bayramov da qapıya yaxşı zərbə endirdi. Renat Dadaşov yaxşı formadadır deyə, onu da meydana buraxdım. Şahin Şahniyarovun 50-55 dəqiqəlik çıxışı yaxşı alındı. Rəqib 1:0 önə keçdikdən sonra komandam çalışırdı ki, bərabərlik qolunu vursun. Futbolçularımız ruhdan düşmədilər. Hiss edirdim komandam qol vura bilər, üçlü müdafiətə keçdik. Cinahdan hücumlar qurduq. Lakin belə bəsit qollar buraxmaq olmaz. Ümumilikdə komandam yaxşı çıxış etdi. Bəzi futbolçular ilk dəfə idi millidə meydana çıxırdılar. Bu gün göstərdilər ki, milli səviyyəsində oynamaq bacarıqları var".

Portuqaliyalı baş məşqçi Şahin Şahniyarov, Səbuhi Abdullazadə, Mert Çelik və Xəyal Əliyev kimi gənclərin millidə forma geyinmələrini pozitiv hal hesab etsə də, yenə məğlub olmağı neqativ adlandırıb: "Hər şey edirik ki, məğlub olmayaq. Oyunçularımın hamısı məyusdur. İrəli baxmalıyıq. Onlar bu gün çox yaxşı çıxış etdilər. Toralın epizodu qol olsaydı, başqa nəticə ola bilərdi".

Santuş ikinci oyunda səhv edən Zamiq Əliyevin hələ cəmi 20 yaşında olduğunu xatırladıb: "Belə gənc oyunçular davamlı oynamalıdırlar ki, özünəinam yaransın. Biz onları dərhal itirə bilmərik. Səhv etməkdən qorxsa, inkişaf etməyəcək".

Baş məşqçi Qismət Alıyevin milliyə dəvət edilməməsinin səbəbini belə izah edib: "Qismət bundan əvvəl milliyə dəvət edilib. Mən oyunlara baxıram. Hazırki durumda son oyunlarda Amin Seydiyev, Mert Çelik sağ cinah müdafiəçisi kimi çıxış edir. Rahil Məmmədovun sağ cinahda oynaması bundan əvvəl olub. Oynadığı matçların çoxunda da milli komanda 60-70 faiz qələbə qazanıb. Həmişə komanda məğlub olanda sual verirsiniz ki, filan oyunçular niyə dəvət olunmayıb. 3 gün əvvəl deyirdiniz ki, filan oyunçu niyə oynamır. İndi də belə".

Santuş "Portuqaliya yığmasında 8 oyun uduzsaydınız, sizi komandada saxlayardılar?" sualını da cavablandırıb: "Portuqaliya millisi ilə 109 oyun krçirmişəm. Onun 20-də məğlub olmuşam. Hazırda Portuqaliya millisi ilə Azərbaycanı müqayisə edə bilməzsiniz. Mən orada da, Yunanıstanda da 2 oyun ard-arda uduzmamışam. Bu sualı AFFA-ya verməlisiniz. Mənim burada müqaviləm var. Baş məşqçinin işi odur ki, oyunçuları hansı səviyyəyə çatırsa, onları ona hazırlasın. Bu gün bir addım önə atdıq. Çoxlu gənc futbolçulara şans verdik. Bu da irəli atılmış bir addımdır".

Təcrübəli mütəxəssis azarkeşlərdən üzr istəmək fikrində olmadığını diqqətə çatdırıb: "Üzr istəmək bir az başqa şeydir. Əlbəttə, azarkrşlərimizi sevindirməliyik. Biz də onlarla eyni hisləri keçiririk. Nə mən, nə məşqçilər bu duruma görə sevinmirik. Əlimizdən gələni etməliyik ki, bu vəziyyəti düzəldək. Gücümüz var. Gün gələcək, Azərbaycan ictimaiyyəti nəticələrə sevinəcək. Bu, düşündüyümdən çox çəkəcək".

Santuş Azərbaycan millisi ilə uzunmüddətli müqavilə bağlamasını belə əsaslandırıb: "Mən əvvəldən rəhbərliklə də danışanda demişdim ki, asan olmayacaq. Buna görə də 3+1 illik müqavilə imzalamışam. Müddət 1 ya 2 il olsaydı, Azərbaycana gəlməyəcəkdim. Bilirəm ki, asan deyil. Başqa hər şey Azərbaycanda top səviyyəddədir. Bakı gözəl şəhərdir. Amma mövzu bu deyil. Müaavilə 1 ya 2 il olsaydı, Fernandu Santuş olaraq, bura gəlməzdim. Karyeram boyu hələ bu qədər məğlub olmamışdım. Ümid edirəm ki, hər şey istədiyimiz kimi olacaq. Bunun üçün zamana ehtiyacımız var. Daha yaxşı çıxış etmək istəyiriksə, daha güclü millilərə qarşı oynamalıyıq. Qələbə qazanmaq istəsəydik, aşağı səviyyəli millilərə qarşı oynayar, hamımız qələbəyə sevinərdik. Amma bu, Azərbaycan furboluna hansı fayda verəcək? Yalnız güclü millilərə qarşı oynamaqla inkişaf etmək olar".