BAKI. 25 mart. TELEQRAF

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İsrail və BP-nin birgə şirkəti olan "NewMed"lə müqavilə əsasında İsrailin qaz bazarına daxil olması Ermənistanda qısqanclıqla qarşılanıb.

Teleqraf xəbər verir ki, erməni iqtisadçı Vahe Davtyanın facebook səhifəsində yazdıqları da bu qəbildən olan fikirlərdir.

O iddia edir ki, bu, SOCAR-ın ilk beynəlxalq qazma layihəsidir.

İqtisadçının sözlərinə görə, Azərbaycan-İsrail birgə layihəsinin icrası “Hizbullah”la münaqişə ucbatından ləngiyib.

Daha sonra erməni ekspert təxribat xarakterli fikirlər səsləndirib. V.Davtyan yazıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kəskin anti-İsrail ritorikasına baxmayaraq, Ankara Azərbaycan neftini İsrailə tranzit etməkdə davam edir.

"Səbəb iqtisadi asılılıqdır. SOCAR Türkiyəyə nəhəng investisiyalar yatırıb - 18,5 milyard dollar, şirkətin Türkiyədəki müəssisələri minlərlə iş yeri təmin edir. Bütövlükdə bu vəziyyət Türkiyə ilə Azərbaycanın İsrailə münasibətindəki fərqliliyi göstərir. Lakin bu fərq heç də dərin deyil. Azərbaycan da öz növbəsində həddindən artıq ritorika olmadan siyasi və iqtisadi praqmatizm nümayiş etdirməyə çalışır. Reallıqda Azərbaycan və Türkiyənin maraqları strateji məsələlərdə ziddiyyət təşkil etmir”, - o yazıb.

Görünür, V.Davtyan Azərbaycan neftinin Türkiyə vasitəsi ilə İsrailə daşınması ilə bağlı iki qardaş ölkənin açıqlaması ilə ya tanış deyil, ya da bilərəkdən təhrif edir. Məsələ burasındadır ki, Azərbaycan qazını hansısa şirkət alaraq istədiyi bir ölkəyə, eləcə də İsrailə sata bilər. Necə ki, vaxtı ilə Azərbaycanın Gürcüstana satdığı benzini işbazlar müxtəlif yollarla Ermənistana daşıyırdılar...

“SOCAR Türkiyə”də bir müddət öncə bu iddialara münasibət bildirmişdi. Bununla bağlı şirkətin açıqlamasında qeyd olunub: "Bu məlumatlar qəsdən ictimai rəyi çaşdırmaq məqsədi daşıyır. Biz, bütün fəaliyyətimizi baş ofisimiz - SOCAR-ın ortaya qoyduğu vizyona uyğun olaraq beynəlxalq biznes müqavilələri çərçivəsində həyata keçiririk. Dünyada neft satışı bazarının özünəməxsus xüsusiyyətləri var və hasil edilən xam neftin ticarət və ya treydinq şirkətləri vasitəsilə satışı həyata keçirilir. Tədarükçü şirkətlər xam neftin hansı ölkələrə daşınmasına, hansı məqsədlər üçün istifadə edilməsinə nəzarət və müdaxilə imkanlarına malik deyillər”.

Erməni eksperti narahat edən digər məsələ İsrailin Cənub Qaz Dəhlizi ilə Avropaya qaz ixrac etmək planlarıdır.

"İsrail faktorunun Cənubi Qafqazda aktivləşməsi İran da daxil olmaqla bütün təhlükələri ilə göz qabağındadır", - Vahe Davtyan iddia edib.

Xatırladaq ki, martın 18-də İsrail hökuməti SOCAR-a İsrail sularında təbii qaz axtarışı aparmaq üçün lisenziyalar təqdim edib. Bu addım ölkənin daxili qaz ehtiyatlarını artırmaq və ixracı genişləndirmək məqsədilə atılıb.

İsrailin energetika naziri Eli Kohen bildirib ki, təbii qaz ölkəsinin qlobal iqtisadi və diplomatik mövqeyini, xüsusilə də Yaxın Şərqdə strateji aktivliyini artıracaq.

İsrail özünü regional enerji mərkəzi kimi təsdiq etmək iddiasındadır və üzərinə Avropaya təbii qaz tədarük etmək öhdəliyi götürüb.