BAKI, 25 mart. TELEQRAF

“O, daim deyirdi ki, uşaq futbolumuz inkişaf etməsə, Azərbaycanda futbolu irəli getməyəcək. Hər dəfə çalışırdı ki, uşaq futbolu inkişaf etsin və ölkə hüdudlarından kənarda tanınsın”.

Bu sözləri dünyasını dəyişmiş veteran futbolçu Çingiz İsmayılov barədə xatirələrini Teleqraf-la bölüşən onun qardaşı oğlu Məmməd İsmayılov deyib.

M.İsmayılov mərhum əmisi ilə bağlı xatirələrini belə ifadə edib: “Çingiz İsmayılovun Azərbaycan idmanı və jurnalistikasının inkişafında böyük rolu olub. O, “Neftçi”nin inkişafı, onun püxtələşib tanınmasında böyük əmək sərf edib. Tanıyanlar bilir ki, daim Azərbaycanın dünya miqyasında inkişafına çalışıb. Bu xidmətləri dövlətin də diqqətindən kənarda qalmayıb. Ölkə başçısı cənab İlham Əliyev onu Əməkdar İdman xadimi” və “Tərəqqi” medalına layiq görüb. Bu adlarda səhv edərkən təkrar-təkrar düzəliş edirdi. Möhtəşəm və təlatümlü həyatı olan insan öz daxili iradəsi, təmkini ilə fəeqlənərdi. Yaxşı olardı ki, insanlar ondan nümunə götürərdi. Onun davranışı, ünsiyyəti nümunəvi idi. Bir daha onun kimi futbol şərhçisi olmayacaq".

M.İsmayılovun sözlərinə görə, sabiq baş katibin AFFA-nın fəaliyyətinə ciddi töhfələri olub: "Çingiz müəllim böyük ictimai xadim idi. Belə insanlar həyata gec-gec gəlirlər. Azarkeşlər ona “Qafqanın pələngi” deyirdilər. Qapıda möhkəm durmasına görə, belə bir ləqəb qoymuşdular”.

O, mərhumun bu yaxınlarda həyat yoldaşı Şəfiqə xanımın vəfatından sarsıldığını və bunun Ç.İsmayılova ağır təsir göstərdiyini vurğulayıb: “Onlar bir-birilərinə qarşı ehtiram və sevgi hissini illər boyu sürdürdülər. O yaşda o cür sevgi yaşamaq hər insana nəsib olmur. Böyük övladının 63 yaşı var. İki oğlu, dörd nəvə və beş nəticəsi var. Xanımının yaşaması üçün çox zəhmət çəkdi. İndiki etibarsızlıq zəmanəsində onlar kimi qalanlar azdır. Görün, insanda ailə dəyərləri necə yüksək olub ki, bunu qoruyub saxlayıb. Çünki Çingiz müəllim həmişə nümunəvi insan olub. Bütün Azərbaycan dəyərlərini Çingiz müəllimin ailəsində görmüşük. Şəfiqə xanımın sağalması üçün çox mübarizə aparsa da, ömür vəfa vermədi. Ona görə də həyat yoldaşı ilə vidalaşandan üç həftə sonra Çingiz müəllim həyatdan köçdü”.

Qeyd edək ki, Çingiz İsmayılov 1935-ci ildə Bakıda doğulub. O, 1955 - 1962-ci illərdə “Neftçi”nin şərəfini qoruyub. Bundan başqa, Bakının və Gəncənin “Dinamo”, həmçinin “Neft daşları” komandalarında çıxış edib. 1994-cü ildə AFFA-nın baş katibi seçilib. 9 il ölkənin ali futbol qurumunda çalışıb.