BAKI, 25 mart. TELEQRAF

“Turan Tovuz”un braziliyalı legioneri Aleks Souza Teleqraf-ın suallarının cavablandırıb. Komandanın aparıcı futbolçularından sayılan hücumçu həm 24 yaşını tamamlaması, həm də Azərbaycanda legioner həyatını necə keçirməsindən danışıb:

- Özünüzü Azərbaycanda necə hiss edirsiniz: Karyeranızın arzuladığınız mərhələsindəsiniz?

- Azərbaycanda daha bir yaşı tamamladığım üçün xoşbəxtəm. İkinci ad günümü burada qeyd edirəm. Bu ölkəni sevirəm və burada xoşbəxtəm.

- Braziliyalı futbolçular Azərbaycana uyğunlaşmaqda çətinlik çəkmədiklərini deyirlər. Azərbaycanda nəyi bəyənir və nəyi bəyənmirsiniz?

- Burada tez uyğunlaşdım. Ona görə də oynamaq və futbol bacarığımı göstərmək asandır. Bu, mənim üçüb rahatdır. Gələndən uyğunlaşmaqda priblem yaşamadım.

- Azərbaycanda oynayan braziliyalı legionerlərlə münasibətiniz necədir: Vətəndaşlarınıza gəlib burada oynamağı tövsiyə edərdiniz?

- Mənim çox əlaqəm yoxdur, tez-tez danışmırıq. Amma Braziliyada olan braziliyalılara həmişə deyirəm ki, bura yaxşı ölkədir.

- Azərbaycan mətbəxindən ən çox hansı yeməkləri bəyənirsiniz?

- Mən Azərbaycanla bağlı hər şeyi, bütün yeməkləri sevirəm.

- “Turan Tovuz”un bu mövsümdəki nəticələri haqqında nə deyərdiniz: Avrokuboklara vəsiqə qazanacağınıza nə dərəcədə əminsiniz?

- Gəlin hər şeyi yoluna qoyub, sonra bu barədə düşünək. Biz bunu hədəf olaraq müəyyənləşdirməmişik. Sabah nə olmalıdırsa, onu da yaşayacağıq.

- Otto Conun gedişindən sonra komandanızın daha zəif olduğunu iddia edirlər. Siz necə düşünürsünüz?

- Yox, deməzdim. Ümumiyyətlə, futbol belədir. Bəzi günlər qalib gəlirsən, bəzi günlər də işlər istədiyin kimi getmir. Bu isə kiməsə görə belə olmur.

- Komandanızın son matçlardakı qeyri-sabit çıxışının səbəbi nədir? Axı siz mövsümə çox yaxşı başlamışdınız…

- Təkmilləşdirməli olduğumuz bəzi şeylər var və biz birlikdə onlara nail olacağıq. Mən öz çıxışımdan razıyam, amma komandama kömək etmək üçün daha çox oynamalı və daha çox qol vurmalı idim. Ümid edirəm ki, qarşıdakı turlarda hər şey istədiyimiz kimi davam edəcək.

- Sizcə, bu mövsüm Azərbaycan Premyer Liqasının səviyyəsi dəyişib?

- Yox, eynidir.