BAKI, 9 mart. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə baş tutan uğursuz görüşdən sonra ABŞ Prezidenti Donald Trampla münasibətləri normallaşdırmağa çalışır.

Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Məlumata görə, Zelenskinin Trampa qarşı sərgilədiyi sərt mövqe Oval ofisdə gərginlik yaradıb və bu, Kiyevin Vaşinqtonla münasibətlərini çətinləşdirib.

Nəşr keçmiş ukraynalı rəsmilərə istinadən bildirilir ki, görüşdən sonra Kiyevdə ABŞ-nin mümkün sanksiyaları ilə bağlı ciddi narahatlıq yaranıb. Sanksiyaların Ukraynaya azaldılmış yardım paketindən daha böyük təsir göstərə biləcəyi vurğulanır.

Bundan əlavə, Zelenskinin Tramp ilə açıq qarşıdurması Ukraynada seçkilərin keçirilməsi ilə bağlı müzakirələri gücləndirib.

Xatırladaq ki, fevralın 28-də Zelenski Ağ Evdə Tramp ilə görüşüb. Görüş zamanı Tramp Ukrayna liderini ABŞ-yə qarşı hörmətsizlik göstərməkdə ittiham edib. Vitse-prezident C.D Vens isə Zelenskiyə Vaşinqtonun dəstəyinə görə təşəkkür etmədiyini bildirib. Bundan sonra planlaşdırılan mətbuat konfransı ləğv edilib və ABŞ-Ukrayna arasında faydalı qazıntılar üzrə razılaşma imzalanmayıb.

Donald Tramp görüşdən sonra "Truth Social" platformasında Zelenskinin hörmətsizlik nümayiş etdirdiyini və sülh yolunda addım atmağa hazır olmadığını yazıb.