BAKI, 23 fevral. TELEQRAF

“Sabah” komandasının almaniyalı futbolçusu Coy-Lens Mikelsin səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra Teleqraf-a müsahibəsi:

- Hava şəraiti oyununuza nə dərəcədə mane olurdu?

- ⁠Çox çətin oyun alındı. Ötən görüşlərdə də “Qarabağ”a qarşı nisbətən yaxşı nəticələr əldə etmişik. Birinci hissə bir qədər ağır oldu. Amma Cesse Sekidikanın qolu vəziyyəti dəyişdi. İkinci yarıda isə birinciyə nisbətən daha yaxşı çıxış etdik. Epizodlar yaratdıq, amma faydalı olmadı. Sonda heç-heçə ilə kifayətləndik.

- ⁠Matçın 90-cı dəqiqəsində bir epizodda 3 oyunçunu keçsəniz də, qol vura bilmədiniz…

- ⁠Əslində belə epiozdlara - qapıçı ilə təkbətəklərə hazırlıqlı idim. O məqamda da keçdim, amma deyə bilmərəm ki, nə alınmadı. Şahruddin Məhəmmədəliyevin son anda toxunuşu oldu və təəssüf ki, qol olmadı. Amma futboldur, gələcəkdə ümid edirəm, belə epizodları dəyərləndirəcəyəm.

- ⁠Rəqib oyunçu Abdullah Zubirin yerə yıxıldığı epizod var idi. Hansı ki, “Qarabağ”ın təmiz penaltisinin verilmədiyini düşünürlər...

- ⁠Heç nə görmədim. Oyunun təkrarına baxsam, nə isə deyə bilərəm. Hakim idarəçiliyi isə normal idi.

- ⁠Xəyal Əliyevin də 72-ci dəqiədə qolla nəticələnməsə də, qapıya zərbəsi oldu. Halbuki ötürmə etsəydi, komandanız qol vuraraq irəli çıxa bilərdi...

- ⁠Hamı dedi ki, o, davam etməli idi. Xəyal hələ gəncdir, dostumuzdur. Növbəti dəfə ötürmə edəcəyini dedi. Mən də bildirdim ki, o epizodda ötürmə verməliydin. Dedi ki, növbəti dəfə çalışacağam, elə edim.

- ⁠Qarşıdan “Sumqayıt”a qarşı səfərdə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşü gəlir. Gözləntiləriniz necədir?

- ⁠Bu oyunda qələbə qazanmalı və yarımfinala çıxmalıyıq. Bu mövsüm nə isə qazanmalıyıq və ən asan yol kubokdan keçir.

- ⁠Növbəti mərhələyə keçməsəniz, faciə hesab etmək olar?

- ⁠Səmimi olsaq, bəli. Məncə, mərhələni keçəcəyik.

- ⁠Bombardirlər siyahısında 8 qolla 3 - 6-cı yerləri bölüşdürürsünüz. Liderliyi əldən verməyinizin, yəni, durğunluğunuzun səbəbi nədir?

- ⁠2 həftə oynamadım. Qarşıda hələ 12 tur var. Əsas məqsədim bombardir olmaq deyil.