ŞAMAXI, 24 fevral. TELEQRAF

"Çox vacib qələbə idi"

Teleqraf xəbər verir ki, bunu "Turan Tovuz" klubunun futbolçusu Ayxan Hüseynov səfərdə "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

26 yaşlı yarımmüdafiəçi qarşılaşmanın çətin keçdiyini vurğulayıb: "İlk növbədə, hava durumuna, ikincisi isə "Şamaxı"nın öz meydanında çox yaxşı oyun göstərməsinə görə çətin qarşılaşma alındı. Hər iki komandanın qol vəziyyətləri oldu. Sevinirik ki, qolumuzu vura bildik".

Hüseynov oyunun idarəçiliyindən razı qaldığını deyib: "Hakimlər də səhv edə bilər, insandırlar. Onlara da bu havada soyuqdur, çətindir. Görməyə bilərlər, bunu başa düşmək olar. Məncə, elə bir epizod olmadı ki, hansısa narazılıq doğursun".

O, oyun zamanı "Şamaxı"nın qapıçısı Rikardo Fernandeslə üzbəüz qaldığı epizod barədə də danışıb: "Hər şeyi etdim, bütün meydanı gördüm, qapıçıdan başqa. Onun irəli çıxmayacağını və təkbətək qalacağımızı fikirləşirdim. Uzaqda olsaydı, sola çevirib vurardım, amma başımı qaldıranda gördüm ki, düz qarşımdadır. Sağa atıb qapını hədəf almağa çalışdım, o da alınmadı".

"Turan Tovuz"un üzvü hesab edir ki, bundan sonra çempionat çox maraqlı keçəcək: "Turnir cədvəlində 2 - 4-cü pillədəkilər bir-birilərinə topladıqları xal baxımından yaxındırlar. Növbəti oyunun evimizdə "Zirə"yə qarşı olması bizə motivasiya verir. Maraqlı və çətin olacaq. Çalışacağıq ki, yaxşı nəticə qazanaq. Onların yaxşı komanda olduğunu hamı bilir. Amma evdə - azarkeşlərimiz önündə çıxış edəcəyimizdən, üstün tərəf bizik".

Qeyd edək ki, hazırda "Zirə" və "Turan Tovuz" hərəyə 42 xalla 3-4-cü pillələri bölüşürlər. Lakin paytaxt təmsilçisi bu gün XXIV turun "Kəpəz"lə təxirə salınmış oyununda üz-üzə gəlməlidir.