BAKI, 24 fevral. TELEQRAF

Bu gün futbol üzrə Türkiyə Super Liqasının XXV tur oyununda "Qalatasaray" "Fənərbağça"nı qəbul edəcək.

Teleqraf xəbər verir ki, "RAMS Park"da keçiriləcək ilin ilk İstanbul derbisini sloveniyalı hakimlər briqadası idarə edəcək. Bakı vaxtı ilə saat 21:00-da start götürəcək qarşılaşmanın baş hakimi Slavko Vinçiç olacaq.

Qardaş ölkə futbolunun iki nəhəngi arasında 402 rəsmi görüş olub, bunlardan 148-də "sarı-göylər", 127-də "sarı-qırmızılar" qələbə qazanıb, daha 127 oyunda isə sülh qeydə alınıb.

Joze Mourinyonun başçılıq etdiyi kollektivdən Ceyden Ostervolde, Rodriqo Bekao, Dieqo Karlos, Dominik Livakoviç, Çağlar Söyüncü, Allan Sen-Maksimen və İsmayıl Yüksek, Okan Burukun heyətindən isə Mauro İkardi, İsmayıl Yakobs və Alvaro Morata zədə səbəbindən oyunu buraxacaq.

Qeyd edək ki, hazırda "Qalatasaray" 63 xalla Türkiyə Super Liqasının vahid lideridir, "Fənərbağça" isə 57 xalla 2-cidir. Joze Mourinyonun baş məşqçi olduğu kollektiv çempionluq şanslarını əldən verməmək üçün səfərdə mütləq qalib gəlməlidir.