
BAKI, 19 fevral. TELEQRAF
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə Almaniyada "Bavariya"nın qonağı olan Şotlandiya "Seltik"inin azarkeşləri İsrailin Fələstinə qarşı hücumlarına yenə etiraz ediblər.
Teleqraf xəbər verir ki, fanatlar tribunalarda Fələstin bayraqları açaraq, İsrail əleyhinə şüarlar səsləndiriblər. Pankart üzərində isə UEFA və FIFA-dan "Show Zionism The Red Card" ("Sionizmə qırmızı vərəqə göstər") çağırışı əksini tapıb.
Daha əvvəl UEFA "Seltik" klubunu azarkeşlərinin bu addımına görə cəzalandırıb. Şotlandiyalı tərəfdarlar yenidən analoji aksiya keçirməklə geri addım atmadıqlarını qitə futbol qurumuna nümayiş etdiriblər.
Qeyd edək ki, "Bavariya" ilk matçda 2:1 hesabı ilə qalib gəldiyi "Seltik"lə evdə heç-heçə edib - 1:1. Bununla da Almaniya təmsilçisi 1/8 finala yüksəlib.