
BAKI, 21 fevral. TELEQRAF
Azərbaycan Premyer Liqasında XXIV turun oyunlarının qar səbəbindən təxirə salınması gözlənilmir.
Bu barədə Teleqraf-a Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev deyib.
O hazırda diqqətlərini bu gün "Neftçi" - "Sumqayıt" oyununun keçirilməsinin nəzərdə tutulduğu "Neftçi Arena"ya yönəltdiklərini bildirib. Abdullayev təkcə bu görüşü yox, digər qarşılaşmaları da təxirə salmağı düşünmədiklərini söyləyib: “Turun oyunlarının keçiriləcəyi bütün stadionlar diqqət mərkəzindədir. İlk növbədə, təbii ki, "Neftçi Arena". Stadionda ot örtüyünə düşmüş qarın hündürlüyü çox deyil. Yalnız cüzi buzlama var və yumşalması gözlənilir. Ardından texnikalar işə düşəcək və oyuna qədər hər şeyin qaydasında olmasına, hazır vəziyyətə gətirilməsinə çalışılacaq".
PFL rəsmisi bütün klublara qırmızı topların təqdim olunduğunu da diqqətə çatdırıb: "Hər bir komanda diqqət mərkəzindədir. Hər hansı müraciət olan kimi operativ dəstək veririk. Şamaxıda yağan qarın hündürlüyü daha çoxdur. Amma bunu təxmin etdiyimizdən, daha öncədən AFFA və klubla koordinasiyalı şəkildə çalışmışıq, texnikanın sayı artırılıb. Bu dəqiqə işlərimiz hər hansı problemin olmaması yönündə sürətli şəkildə davam edir. Fors-major hal olarsa, təbii ki, ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” oyunu bu gün saat 19:00-da start götürəcək. XXIV turun digər görüşləri 22-23 fevralda keçiriləcək.