BAKI, 20 fevral. TELEQRAF

Dörd il öncə Türkiyə Super Liqası ilə vidalaşan "Denizlispor" klubu ciddi böhran içindədir.

Teleqraf "Hürriyet"ə istinadən xəbər verir ki, hazırda III Liqada çıxış edən Dənizli şəhər təmsilçisi fevralın 17-də şok xəbərdarlıqla qarşılaşıb. "Xoruzlar"ın qaz təchizatçısı şirkəti klubun 1 milyon 961 min lirə borcunun bir gün içində ödənilməsini tələb edib. "Ağ-yaşıllar"a bunu etməyəcəkləri təqdirdə, qaz təchizatından məhrum olacaqları bildirilib.

Klubun 3,5 ildir məruz qaldığı transfer qadağası üzündən aşağı yaş qruplarından formalaşan heyəti qışın ən soyuq dövründə bazanın isidilməsindən məhrum edilib.

"Denizlispor" şirkətdən gələn xəbərdarlığı sosial şəbəkə hesabında "Şərhsiz" başlığı ilə paylaşıb.

Qeyd edək ki, 2002/2003 UEFA Kubokunda 1/4 finaladək irəliləməyi bacaran "Denizlispor" hazırda Türkiyə III Liqasının IV qrupunda mübarizə aparır. Turnir cədvəlinin sonuncu olan komandanın borclarına görə bir çox mülkünə həbs qoyulub. Həvəskarlar Liqasına düşmə təhlükəsi ilə üzləşən klub yaranmış vəziyyətdən çıxış yolu kimi yardım kampaniyasına başlayıb.