BAKI, 17 fevral. TELEQRAF

“Kevin Medinanın təxribata meylli olması insanlara maraqlı gəlir. Amma biz belə şeyləri xoşlamırıq”.

Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Bədavi Hüseynov səfərdə “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

34 yaşlı kapitan derbi zamanı qırmızı vərəqə və penalti epizodları barədə də danışıb: “Bəzən qırmızı vərəqə planları pozur. Amma stadionda əla ab-hava vardı. Azarkeşlər bizi motivasiya edirdi. Heç kim təslim olmaq istəmirdi. Xoşbəxtlikdən, heç bir insident yaşanmadı. Baxmayaraq ki, matçda gərginlik hiss olunurdu. Penalti olmasaydı, yəqin ki, oyun heç-heçə bitəcəkdi. Xoşbəxtlikdən, qol vurmağı bacardıq”.

Müdafiəçi gələcək karyerasını başqa klubda təsəvvür etmədiyini qeyd edib: “Karyeramı “Qarabağ”da bitirmək istəyirəm. Çünki bura mənim evimdir. Hər il daha çox oynamaq istəyirəm. Futbolu bitirmək fikrim yoxdur. Karyeram sürətlə keçib gedir. Bütün gücümü “Qarabağ”a vermək istəyirəm”.

Hüseynov Azərbaycan Premyer Liqasında növbəti mövsümdən legioner limitinin ləğv olunmasına dair qərarın geniş müzakirə tələb etdiyini söyləyib: “Limit məsələsi maraqlı mövzudur, geniş müzakirə tələb edir. Aydındır ki, bu qərar bəzi oyunçuların şansını məhdudlaşdıracaq. Hər kəs bunun fərqindədir. Amma qərara anlayışla yanaşıb daha çox çalışmalıyıq. Bu addım yerli futbolçuların keyfiyyətini artırmaq məqsədi daşıyır”.

Qeyd edək ki, “Qarabağ” 23 turdan sonra 56 xalla turnir cədvəlininin lideridir.