BAKI, 8 fevral. TELEQRAF

İtaliyanın "Ternana" klubu baş məşqçi İqnasio Abateni qovduqdan 3 saat sonra vəzifəsinə bərpa edib.

Teleqraf “Football-Italia”ya istinadən xəbər verir ki, C Seriyası təmsilçisinin prezidenti Stefano D'Alessandro komandanın yaxşı nəticələr göstərməsinə və turnir cədvəlində ikinci pilləni tutmasına baxmayaraq, 38 yaşlı mütəxəssisi vəzifəsindən azad edib.

İşdən çıxarılma səbəbi mütəxəssisin klub prezidentinin oğlu Matteoya şans verməməsi olub.

D'Alessandro Abateni Fabio Liverani ilə əvəzləmək qərarına gəlib. Lakin "Ternana" futbolçuları prezidentlə görüşərək Abateni işdən çıxarıldıqdan cəmi üç saat sonra baş məşqçi vəzifəsinə bərpa etməyə inandırıblar.

Qeyd edək ki, İqnasio Abate futbolçu kimi "Milan", "Napoli", "Sampdoriya", "Torino" və digər klublarda çıxış edib. İtaliya milli komandasının da üzvü olmuş İqnasio 2021 - 2024-cü illərdə "Milan"ın gənclərdən ibarət komandasına başçılıq edib. O, 2024-cü ilin yayından "Ternana"dadır.